Boşanma zamanı mülkiyyət bölgüsü
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Mülkiyyət hüququnun müdafiəsi mülki, cinayət və digər hüquq elmlərinin ən mühüm problemlərindən biridir. Məlumdur ki, hüquqi dövlət quruluşu olan cəmiyyətlərdə mülkiyyət-iqtisadi münasibətləri həmişə hüquqi təminata bağlıdır. Bu öz əksini respublikanın yeni qəbul edilmiş Konstitusiyasında da tapmışdır. Mülkiyyət toxunulmazlığı, vətəndaşların şəxsi işlərinə özbaşına müdaxilənin yolverilməzliyi, mülki hüquqların maneəsiz həyata keçirilməsi, mülkiyyət hüququnun bütün formalarının bərabərliyi və s. prinsipləri təsbit etməklə Konstitusiya mülkiyyət hüququnun müdafiəsini dövlətimizin ən mühüm vəzifələrindən biri hesab edir.
Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi dedikdə, bu hüquqların pozulmasının aradan qaldırılmasına, mülkiyyətçinin pozulmuş hüquqlarının bərpasına və onun hüquqlarının müdafiəsinə yönəldilmiş, mülki qanunvericilikdə nəzərdə tutulan vasitələrin məcmusu başa düşülməlidir. Göstərilən vasitələr özünün hüquqi təbiətinə görə bir neçə qrupa bölünür.
Mülkiyyət hüququ elə subyektiv hüquqlara aiddir ki, o müəyyən hüquqi faktların olması və yaxud onların məcmusu zamanı əldə edilir. Belə hüquqi faktlar mülkiyyət hüququnun əldə edilməsi əsasları (üsulları) adlanır.
Mülkiyyət hüququnun əldə edilməsi üsulları ilkin və törəmə olmaqla iki yerə bölünür. İlkin və törəmə üsulların fərqləndirici kriteriyalarına gəlincə, birincisində kriteriya kimi iradəvi, ikincisində isə hüquq varisliyi əsas götürülür.
İradəvi kriteriya tərəfdarları hesab edirlər ki, mülkiyyət hüququnun əldə edilməsinin ilkinə elə üsullar aiddir ki, bu zaman mülkiyyət hüququ iradədən asılı olmayaraq əldə edilir. Törəmədə isə mülkiyyət hüququ mülkiyyətçi sələfin iradəsindən asılı olaraq əldə edilir.
Hüquq varisliyi üsullarının tərəfdarları isə ilkinə o üsulları aid edirlər ki, onun əsasında hüquq varisliyi yoxdur, törəmədə isə üsullar hüquq varisliyinə söykənir.
Mülkiyyət hüququnun forma və növləri məsələləri təkcə nəzəri cəhətdən deyil, həm də praktik cəhətdən mühüm əhəmiyyət kəsb edir. Konkret şəxsə məxsus olan əmlakın mülkiyyət hüququnun hansı forma və növünə aid olması əmlakın hüquqi rejimini və eyni zamanda mülkiyyətçinin həmin əmlaka olan sahiblik imkanları spektrini müəyyən edir.
Azərbaycan Respublikası Konstitusiyası mülkiyyətin üç formasını — dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti formasını təsbit etmişdir. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.
Dövlət mülkiyyət hüququ. Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə belə, istehsal fondları strukturunda dövlət mülkiyyəti mühüm çəkiyə malikdir. Əsas həyati təminat yaradan maddi ehtiyatların (ərzaq, yanacaq və s. vəsaitlərin) əsas hissəsi dövlətin əlindədir. İstehsal, sosial-mədəni və s. təyinatlı obyektlərin böyük bir hissəsinin dövlət mülkiyyətində olması iki amillə bağlıdır.